TBİLİSİ, 24 sentyabr. TELEQRAF
“Avropa İttifaqının Gürcüstanla vizasız gediş-gəliş rejimini dayandırması riski çox yüksəkdir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu “Azadlıq Radiosu”nun Avropa bürosunun redaktoru Rikard Yozviak Gürcüstanın “TV Pirveli” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Brüsseldə məsələ ilə bağlı fikirlər bölünüb, bəziləri Gürcüstana məhəl qoymamağın kifayət etdiyini hesab edirlər, digərləri isə daha konkret addımların atılması tələbini irəli sürürlər.
“Söhbət ya razılaşdırılması çətin olacaq sanksiyalardan, ya da daha realistik variant hesab olunan vizasız rejimin dayandırılmasından gedir. Bu məsələ payızın sonlarında yenidən müzakirə olunacaq və buna yerli seçkilərin nəticələri də təsir edəcək. Vizasız rejimin dayandırılması sözsüz ki, baş verə bilər”, - R.Yozviak söyləyib.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız rejim 2017-ci ilin martın 28-dən qüvvədir. Mövcud qaydalara əsasən, Aİ insan hüquqlarının və beynəlxalq hüququn ciddi şəkildə pozulduğu halda hər hansı bir ölkə ilə vizasız gediş-gəlişin dayandırılması mexanizmindən istifadə edə bilər. Prosesi Aİ-nin 27 üzv dövlətindən biri və ya Avropa Komissiyası başlaya bilər.