TBİLİSİ, 15 sentyabr. TELEQRAF
Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın lideri Elene Xoştariya saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, siyasətçi Tbilisi meri vəzifəsinə namizəd Kaxa Kaladzenin seçki qərargahındakı baneri zədələməkdə ittiham edilir.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır, ekspertiza ilə vurulmuş zərərin dəqiq məbləği müəyyənləşdirilir.
Qeyd edək ki, E.Xoştariya ötən gün banerə “Rusiya arzusu” sözlərini yazıb. O, bu hərəkəti ilə banerə eyni sözü yazdığına görə saxlanılmış Megi Diasamidzeyə dəstək ifadə edib. M.Diasamidze barəsində 2 min lari girov qətimkan tədbiri seçilib.
Xatırladaq ki, sentyabrın 11-də Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurasının rəhbəri Levan Xabeişvili saxlanılıb. O, hakimiyyəti devirməyə çağırışlar etməkdə və hüquq-mühafizə orqanları əməkdaşlarına rüşvət verməyə cəhddə ittiham olunur.
