TBİLİSİ, 10 sentyabr. TELEQRAF

Rəsmi Berlin Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin Almaniyanın səfiri Peter Fişer haqqında səsləndirdiyi fikirlərdən narazılıq ifadə edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq spikerin ittihamlarının əsassız olduğunu bildirib.

XİN Ş.Papuaşvilinin ittihamlarını qətiyyətlə rədd edib və pisləyib. Qeyd olunub ki, dezinformasiya və iddiaların yayılması Almaniya-Gürcüstan münasibətlərini sarsıdır.

“Biz “Gürcü Arzusu”nun nümayəndələrinin Almaniya səfirinə qarşı davam edən aqressiv ritorikasını qətiyyətlə rədd edirik”, - bəyanatda deyilir.

Qeyd edək ki, Ş.Papuaşvili Almaniya səfirini Gürcüstanda radikal təşkilatları dəstəkləməkdə ittiham edib. O bildirib ki, diplomatın seçkiöncəsi kampaniya zamanı ekstremistləri dəstəkləməsi seçkilərə kobud müdaxilədir.

“Gürcü Arzusu” partiyasının Baş katibi Kaxa Kaladze də deyib ki, Almaniya səfiri Gürcüstan cəmiyyətində qarşıdurmanın və ektremizmin alovlandırılmasında iştirak edir.

Xatırladaq ki, Almaniya-Gürcüstan münasibətlərində gərginlik ötən ilin sonlarından hökm sürür. Buna səbəb Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək təxirə salması olub. Almaniya bu qərardan sonra Gürcüstanla iqtisadiyyat və təhsil sahələrində əməkdaşlığı dayandırıb.