TBİLİSİ, 6 sentyabr. TELEQRAF
“Gürcü Arzusu”nun reytinqi parlament seçkiləri öncəsidən daha yüksəkdir. Əvvəlki seçkilərdə 54,5% səs əldə etmişdiksə, hazırda 60%-dən çox səs toplayacağımızı gözləyirik.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri, hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze brifinqdə deyib.
Onun sözlərinə görə, hakim partiya Tbilisi də daxil olmaqla bütün şəhərlərdə mer seçkilərində ilk mərhələdə qalib gələcək.
“Bu, təkcə reallıq deyil, həm də araşdırma aparan təşkilatlarımızın təqdim etdikləri reytinqlərə əsaslanan faktdır”, - Baş nazir söyləyib.
Xatırladaq ki, qonşu ölkədə yerli seçkilər oktyabrın 4-də keçiriləcək.
Seçicilər Tbilisi də daxil olmaqla 64 şəhər və rayon üzrə mer və sakrebulolara (məşvərətçi orqanlar) deputatlar seçəcəklər. Seçkilərdə 14 partiya iştirak hüququ əldə edib.