TBİLİSİ, 5 sentyabr. TELEQRAF

Ötən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərində, İmereti, Samtsxe-Cavaxeti və Kaxeti bölgələrində həyata keçirilmiş əməliyyatlar zamanı “oğru dünyası” ilə əlaqəli 30 nəfər saxlanılıb, iki nəfərə isə qiyabi ittiham irəli sürülüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilənlər şəxsi maraqları naminə vətəndaşlar arasında yaranmış maliyyə mübahisələrinin həllinə cəlb olunublar, onları ölümlə hədələyiblər.

Xaricdə yaşayan “Çinka” ləqəbli “qanuni oğru” Tengiz Xoperiyanın da mübahisələrdə iştirak etdiyi müəyyənləşdirilib.

Saxlanılanların üzərilərinə və yaşayış yerlərinə baxış zamanı odlu silah, hərbi sursatlar və pul vəsaitləri maddi sübut kimi müsadirə edilib. Həmçinin onların bir-biri ilə və xaricdəki “qanuni oğru”larla əlaqə saxladıqları mobil telefonlar da götürülüb.

Təqsirləndirilən şəxsləri 15 ilədək həbs cəzası gözləyir.