BAKI, 4 sentyabr. TELEQRAF

Qırğızıstanda rəsmi səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədən olan həmkarı Nurlanbek Turqunbek Ulu ilə görüşüb.

Teleqraf xəbər verir ki, hər iki ölkənin parlament rəhbərlərinin əvvəlcə təkbətək görüşü olub, ardınca nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.

Alen Simonyan səmimi qəbula görə Nurlanbek Turqunbek Uluya təşəkkür edib, dost ölkədə olmaqdan xoşbəxt olduğunu qeyd edib. Həmsöhbətlərin müzakirələrində parlamentlərarası əlaqələrin inkişafı, eləcə də ikitərəfli maraq doğuran geniş spektrli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistanla Azərbaycan arasında sülh prosesinə də ayrıca diqqət yetirilib. Bu kontekstdə Qırğızıstanın Vaşinqtonda qəbul edilən bəyannaməni və paraflanmış sülh sazişini alqışladığını qeyd edən Nurlanbek Turqunbek Ulu bunların bölgədə davamlı sülhün bərqərar olması baxımından böyük təsir göstərəcəyini bildirib.