BAKI, 29 avqust. TELEQRAF
Azərbaycana “casuqluqda” şübhəli bilinərək saxlanılan Ermənistanın Avstriyadakı konsulluğunun əməkdaşı ilə bağlı yeni iddialar ortaya atılıb.
Teleqraf xəbər verir ki, bu barədə Factor.am yazıb.
Portalın məlumatına görə, həmin şəxs Aşxen Aleksanyandır:
“O, əsas şöbələrin işçisi və vacib məlumatlara çıxışı olub”.
Ermənistan portalı iddia edir ki, A.Aleksanyan azərbaycanlı ilə “romantik münasibət” yaşayıb:
“Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) onu bir aydan çox əvvəl aşkar edərək həbs edib. Əldə etdiyimiz məlumata görə, o, Vyanadan gələrkən “Zvartnots” hava limanında saxlanılıb. Aşxen Aleksanyan dindirilmə zamanı Azərbaycan tərəfdən pul aldığını və təkbaşına hərəkət etmədiyini bildirib. Onu kimlərin dəstəklədiyi və XİN-də hansı vəzifələrdə çalışdıqları hələlik məlum deyil.
Milli Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyinin bəzi əməkdaşlarının kompüterlərini müsadirə etdiyi bildirilir”.


***
11:05
Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan Azərbaycanın xeyrinə casusluqda şübhəli bilinir.
Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Aleksanyan bir neçə ay əvvəl İrəvanın “Zvartnots” hava limanında saxlanılıb, amma hakimiyyət qalmaqalın qarşısını almaq üçün bunu ictimaiyyətə açıqlamamağa qərar verib.
Nəşrin məlumatına görə, konsulun üzərindən bəzi sənədlər tapılıb. Saxlanılma əməliyyatından sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin (XİN) binasında genişmiqyaslı axtarışlar aparıb.
“Milli Təhlükəsizlik Xidməti diplomatı təyin etməzdən əvvəl onun iş təcrübəsini, şübhəli əlaqələri və sairi yoxlayır. Təyinat yalnız hərtərəfli yoxlandıqdan sonra təsdiqlənir. İndi məlum olur ki, ya Milli Təhlükəsizlik Xidməti səhv edib, ya da onu təyin edənlər bəzi hallara göz yumublar”, - nəşr yazıb.
Nəşr əlavə edib ki, Aşken Aleksanyan haqqında, hətta onun təyinatı ilə bağlı məlumatlar bütün açıq mənbələrdən silinib.