BAKI, 25 avqust. TELEQRAF

“Kirin (Əhəmənilər dövlətinin hökmdarı) dövründən Qafqaz İranın təhlükəsizlik buferi olub”.

Teleqraf xəbər verir ki, bu iddia ilə İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti çıxış edib.

Vilayəti uzun illər Əhəmənilər dövləti ilə döyüşmüş massaget-skif-sakları “vəhşi” adlandıraraq, bu türk tayfaları barəsində təhqirə yol verib:

“Herodotun yazılarına əsaslanaraq, Kirin dövründən Qafqaz həmişə İranın təhlükəsizlik buferi olub və o, vəhşi tayfaların işğalının qarşısını almaq üçün orada sədd çəkib”.

Vilayəti ilahiyyatçı Məhəmmədhüseyn Təbatəbaiyə istinadla adı Quranda keçən Zülqərneynlə Kirin eyni şəxs olduğunu da iddia edib:

“Müsəlmanların müqəddəs kitabı Qurani-Kərim, Əllamə Təbatəbai kimi böyük təfsirçilərin Böyük Kirlə eyni olduğuna inandıqları Zülqərneyni tərifləyir”.

Qeyd edək ki, II Kir e.ə. 530-cu ildə Skif dövləti ilə döyüşdə öldürülüb. Döyüş zamanı əsir götürülən Əhəmənilərin başçısının həyatına Skif dövlətinin hökmdarı Tomris son qoyub. Tarixi mənbələrdə bu hadisənin baş vermə yeri kimi Araz çayının sahili göstərilir. Əhəmənilər türk tayfaları ilə bu döyüşdə ağır məğlubiyyətə uğramışdılar.

Tomrisə gəlincə, o, massaget və saklardan olan məşhur peçeneq qadın, Skif dövlətinin hökmdarı, sakların şahzadəsi idi. Dünyanın ilk qadın hökmdarıdır.