BAKI, 22 avqust. TELEQRAF

“Vaşinqton razılaşmalarının Azərbaycan üçün artıq konkret nəticələri var, Ermənistan isə perspektivlərlə kifayətlənməli olacaq”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

Ekspert Ermənistanın razılaşmalar nəticəsində aşağıdalıları əldə etdiyini bildirib:

“Sülh müqaviləsinin başlanması potensial eskalasiyanı təxirə salmağa imkan verir.

“Türkiyə ilə sərhədin açılması perspektivi”.

Azərbaycana gəlincə, Melkonyan vurğulayıb ki, Bakının qazancları İrəvanla müqayisədə daha çoxdur:

“ATƏT-in Minsk qrupunun buraxılması. Bu, “Qarabağ məsələsi”ni tamamilə bağlayır. Artıq İrəvan və Bakı ATƏT-ə birgə bəyanat göndərib.

“Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin ləğvi. Bu, ABŞ və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığa faktiki olaraq qapı açır.

Naxçıvana gedən yol üçün eksklüziv şərtlər: Bakı öz anklavına maneəsiz keçidi nəzərdə tutan daha bir sənəd aldı.

Buna əsaslanaraq belə qənaətə gəlmək olar ki, Azərbaycan artıq konkret fayda əldə edib, Ermənistanı isə yalnız perspektivlərlə kifayətlənməli olacaq: yaxın gələcəkdə eskalasiya riskinin azalması və mümkün kommunikasiyaların açılması.

Bundan əlavə, İrəvan paraflanmış sülh sazişinə əsasən, Avropa İttifaqının monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədindən çıxarmalı olacaq. Yəqin missiya Ermənistan ərazisində (sərhəddən kənarda) başqa formatda qalacaq.

Həmçinin İrəvan (Bakının tələbi ilə) Konstitusiyanı dəyişdirməyə borcludur”.

Erməni politoloqun Türkiyə ilə bağlı mövqeyi belədir:

“Mövcud dinamikanı nəzərə alsaq, Türkiyənin artan nüfuzu göz qabağındadır. Ankaranın Cənubi Qafqazda əsas regional aktora çevrilmək perspektivi var”.

İran və Rusiyaya gəlincə, Melkonyan əlavə edib ki, hər iki ölkə Cənubi Qafqazın yeni konturlarının formalaşmasından kənarda qalıb.