BAKI, 21 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Amerika ictimaiyyətinin onun yenidən namizəd olmasını arzuladığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “New York Post” (NYP) məlumat yayıb.
Nəşrin yazdığına görə, Ağ Evi tanıdarkən Tramp Əliyevə üzərində “Trump 2028” yazılan papağı göstərərək deyib: “Bilirsiniz, (qanunla) ABŞ-də üçüncü müddətə namizəd ola bilməzsiniz. Amma mən hamıdan 28 bal yüksəkdəyəm. Hamı yenidən namizəd olmağımı istəyir”.
NYP qeyd edib ki, Azərbaycan prezidenti amerikalı həmkarına müsbət cavab verib.
Həmçinin məqalədə qeyd edilib ki, Əliyevə qarşı kifayət qədər səxavətli olan Tramp azərbaycanlı həmkarına Ağ Evin simvolik açarını da hədiyyə edib:
“Bundan sonra köməkçilərinə göstəriş verdi ki, onun şəxsən hazırladığı simvolik “Ağ Evin açarı”nın Əliyevin çantasına qoyulmasına əmin olsunlar”.
“The Wall Street Journal” bundan əvvəl bildirmişdi ki, Donald Tramp 2028-ci il seçkilərində partiyasından namizədliyə kimi gördüyünü açıqlamağa tələsmir, intriqa saxlamağa üstünlük verir.