BAKI, 21 avqust. TELEQRAF
“Ermənistan öz tarixi boyu indiki kimi, xüsusilə də, avqustun 8-də Vaşinqtonda Azərbaycanla imzalanmış sənədlərdən sonra heç vaxt müstəqil olmamışdı”.
Teleqraf xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.
Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan arasında açılacaq yollardan İran da faydalanacaq:
“Bütün hərəkətlərimizi dost ölkələrə, o cümlədən İrana izah etmişik, açıq şəkildə demək lazımdır ki, dost İran bu yoldan və Ermənistan üzərindən blokadanın götürülməsindən ilk faydalananlardan biri olacaq”.
Papoyan vurğulayıb ki, “Tramp yolu” reallaşdıqda İran da Ermənistan, Azərbaycan və Türkiyə ərazisi ilə Avropa İttifaqına dəmir yolu əlaqəsi yaratmaq imkanı əldə edəcək:
“Bu mənada çox əminəm, İran bu yolda bir nömrəli benefisiarlardan biri olacaq”.