BAKI, 20 avqust. TELEQRAF
Ermənistan avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycanla sülh və nəqliyyat dəhlizinin açılması üzrə razılaşma əldə etdikdən sonra İranla əlaqələri gücləndirir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik xatırladıb ki, bu ay Trampın vasitəçiliyi ilə Bakı və İrəvan iki ölkə arasında 30 ildir davam edən münaqişəyə son qoymaq məqsədi daşıyan 17 bəndlik bəyannamə imzalayıb. Avqustun 19-da isə Tehranla İrəvan İran və Ermənistan liderləri Məsud Pezeşkian və Nikol Paşinyanın iştirakı ilə iqtisadi inteqrasiyanı dərinləşdirmək istəklərini vurğulayaraq, nəqliyyat və logistika, eləcə də yenidən işlənmiş yükdaşıma tarifləri sahəsində bir sıra sənədlər imzalayıblar. İki ölkə Araz çayı üzərində ikinci körpünün tikintisi və mövcud sərhəd terminallarının modernləşdirilməsi barədə razılığa gəlib.
Mənbə qeyd edib ki, Vaşinqtonda imzalanmış bəyannamənin mətninin müqavilə hüquqi qüvvəsinə malik olmamasına baxmayaraq, bu, hər iki tərəfi bir-birinin suverenliyi və sərhədlərini tanımağa, gələcək ərazi iddialarından imtina etməyə məcbur edir, onların ümumi sərhədində üçüncü dövlətlərin qüvvələrinin olmasını qadağan edir.
Razılaşmaya əsasən, “Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) və ya Zəngəzur dəhlizinə ABŞ-nin bir özəl şirkət nəzarət etməlidir. Məqalədə vurğulanıb ki, bu nəqliyyat dəhlizi Azərbaycanın əsas ərazisini Ermənistanın cənubundan keçməklə Türkiyə ilə həmsərhəd olan Naxçıvan anklavına birləşdirəcək.
“İranın Xarici İşlər Nazirliyi Vaşinqton razılaşmasını ümumilikdə alqışlasa da, Ali rəhbər Əli Xameneinin köməkçisi Əli Əkbər Vilayəti ABŞ-yə eksklüziv hüquqların verildiyi təklif edilən tranzit marşrutunu pisləyib.
İran prezidenti İrəvana səfəri zamanı bir daha vurğulayıb ki, regionda liderlik Qafqaz dövlətlərinə məxsus olmalıdır və regional məsələlərin xarici qüvvələrin ixtiyarına verilməsi vəziyyəti daha da çətinləşdirəcək”, - təhlildə bildirilib.
“Bloomberg” yazıb ki, hətta danışıqlar Rusiyanın vasitəçiliyi ilə aparılarkən də Tehran Zəngəzur dəhlizinə qarşı çıxıb.
Mənbə əlavə edib ki, Rusiya da Ermənistana Avrasiya İqtisadi Birliyi çərçivəsində öhdəliklərini xatırladaraq, Trampın vasitəçiliyi ilə nəqliyyat dəhlizi haqqında sazişi ehtiyatla alqışlayıb: “Hazırda Rusiya sərhədçiləri Ermənistan qoşunları ilə birlikdə Ermənistan-İran sərhədini qoruyur”.