
TBİLİSİ, 23 iyun. TELEQRAF
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin keçmiş müavini Romeo Mikautadze barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi şəhər məhkəməsi qərar qəbul edib.
Müdafiə tərəfinin sabiq nazir müavininin həbs qətimkan tədbiri seçilmədən 100 min lari (62 390 AZN) məbləğində girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatəti təmin edilməyib.
Xatırladaq ki, R.Mikautadze iyunun 20-də saxlanılıb. Keçmiş nazir müavini vəzifə səlahiyyətlərindən sui-istifadə və 2,5 milyon lari (920 min ABŞ dolları) məbləğində qeyri-qanuni gəlirin leqallaşdırılmasında ittiham olunur. O, özünü təqsirli bilmir. Günahı sübuta yetiriləcəyi halda, onu 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Qeyd edək ki, R.Mikautadze 2021-2022-ci illərdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini, 2022-2024-cü illərdə isə birinci müavini vəzifəsini tutub.