TBİLİSİ, 3 iyun. TELEQRAF
Gürcüstanda vətəndaşların şəxsiyyət vəsiqələri və pasportlarına milli mənsubiyyət bölməsi əlavə oluna bilər.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu təkliflə Gürcüstan vətəndaşı Lela Kavtaradze ölkə parlamentinə müraciət edib.
Parlamentin bürosu Hüquqi məsələlər üzrə komitəyə təklifi nəzərdən keçirməyi tapşırıb.
Müraciətdə elektron, qeyri-elektron vəsiqələrə və vətəndaş vəziyyəti aktlarına milliyyətlə yanaşı, vətəndaşın ata adının da göstərilməsi təklif olunub.
Qeyd edək ki, sabahdan etibarən Gürcüstanda vətəndaşların şəxsiyyət vəsiqələri, həmçinin elektron formada müvəqqəti və daimi yaşayış şəhadətnamələri yeni dizaynda təqdim olunacaq. Vəsiqələrin köhnə nümunələri etibarlılıq müddəti bitənə qədər qüvvədə olacaq. QR-kodlu yeni pasportlarda hər bir səhifənin fərqli dizaynı olacaq, son səhifədə Gürcüstanın dövlət himninin notları yerləşdiriləcək. Sənəddə vətəndaşa aid məlumatlar yalnız ad, soyad, cinsiyyət, doğum tarixi və yerindən ibarət olacaq.
Xatırladaq ki, Gürcüstanda pasportlarda milliyyət qrafası 1998-2004-cü illərdə mövcud olub.