TBİLİSİ, 21 may. TELEQRAF
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin simvollarından biri sayılan “səhənglər”in sökülməsinə qərar verilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə şəhər meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.
Mer mərkəzi Rike parkında yerləşən binanı şəhərin ümumi panoramasına yaraşmayan eybəcər tikili adlandırıb.
“Tikili söküləcək və eyni ölçüdə daha yaxşı yeni layihə hazırlanacaq”, - K.Kaladze deyib.
O, binanın yerində mehmanxananın inşa olunacağını istisna etməyib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də jurnalistlərə açıqlamasında tikilinin demontaj ediləcəyini bildirib. O, eybəcər tikilinin Tbilisiyə yaraşmadığını söyləyib.
Qeyd edək ki, qeyri-adi üsluba malik kompleks 570 nəfərlik konsert zalından ibarətdir. Obyektin torpaq sahəsi ilə birgə ümumi sahəsi 14 591 kvadrat metr təşkil edir. Futuristik tikili Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin təşəbbüsü ilə italyan memar Massimiliano Fuksasanın layihəsi əsasında 2012-ci ildə inşa olunub. “Səhənglər”i 2022-ci ildə 10,02 milyon lariyə almış iş adamı Davit Xidaşeli bu yaxınlarda tikilini 20 milyon lariyə satıb. Kompleksin yeni sahibi “Rike Dom” şirkəti olub.