TBİLİSİ, 3 may. TELEQRAF
Gürcüstanda saxlanılan İnterpolun qırmızı xətti ilə axtarılan Azərbaycan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.
Hakim prokurorluğun vəsatətini təmin edib. Saxlanılan şəxs sərhədi qanunsuz keçməkdə ittiham olunur.
Prokuror Elizbar Qozalaşvili jurnalistlərə bildirib ki, Azərbaycan vətəndaşı saxta sənədlərlə Gürcüstan ərazisinə daxil olub. O qeyd edib ki, məhkəmə təqsirləndirilən şəxsin qaçması və yeni cinayətlər törətməsi riskinin olması ilə bağlı ittiham tərəfinin mövqeyini tam bölüşüb və onunla bağlı həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, Azərbaycan vətəndaşı ötən gün Rustavi şəhərində saxlanılıb. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına əsasən, həmin şəxs 2014-cü ildə Yaxın Şərqə yollanıb və İŞİD terror təşkilatına qoşulub. O, orada hərbi əməliyyatlar üzrə təcrübə toplayıb və partlayıcı qurğular üzrə mütəxəssis olub. Onun evindən müxtəlif dəlillər və elektron məlumat daşıyıcıları müsadirə edilib.