
BAKI, 19 mart. TELEQRAF
Ötən həftə Ermənistanda olan türkiyəli jurnalistlər xüsusi hədiyyələrlə qarşılanıb və yüksək təhlükəsizlik şəraitində ölkələrinə yola salınıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.
“Rəsmi məlumata görə, türkiyəli jurnalistlərin Ermənistana səfəri 7,5 milyon dollara başa gəlib. Həmçinin bizdə olan məlumata görə, Ermənistan hökuməti jurnalistlərə və onları müşayiət edən şəxslərə bahalı hədiyyələr verib. Səfər zamanı başqa bir məsələ də diqqət çəkib, türk jurnalistləri Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları müşayiət ediblər. Ermənistanın xüsusi xidmət orqanları da vəziyyəti diqqətlə izləyiblər, nəticədə heç bir problem yaranmayıb”, - nəşr yazır.
“Past” Ermənistan hökumətinin türkiyəli jurnalistlərin təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşdığını və şəxsən baş nazirin bunun təmin olunması üçün təlimat verdiyini bildirib:
“Əldə etdiyimiz məlumata görə, hətta Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi də hər hansı problem yaranarsa, jurnalistləri Türkiyəyə aparmağa hazır olub. Türkiyə nümayəndə heyətinin Ermənistanı necə tərk etdiyi məlum deyil”.