BAKI, 13 mart. TELEQRAF

Türkiyəli jurnalistlərin Ermənistana səfəri Ankara və İrəvan arasında yeni anlaşmalardan xəbər verə bilər.

Teleqraf xəbər verir ki, bunu erməni türkoloq Ruben Melkonyan deyib.

Onun fikrincə, səfər və İrəvanda Baş nazir Nikol Paşinyanla müsahibənin təşkili qarşılıqlı anlaşma əsasında olub:

“Bu, Ankara-İrəvan xəttində baş verənlər kontekstində nəzərdən keçirilməlidir. Məsələn, mən güman edirəm ki, Rusiya sərhədçilərinin “Marqara” sərhəd-keçid məntəqəsindən (Türkiyə ilə sərhəddən) çıxarılması da eyni prosesin tərkib hissəsidir. Bu, Ermənistan və Türkiyə arasında hansısa razılaşmanın əldə olunması prosesində başqa bir mərhələ ola bilər.

İstisna etmirəm ki, bütün bunlardan sonra sərhədin açılması üçün bəzi sənədlərin imzalanacaq. Mən buna o kontekstdə baxıram. Çox sayda türk jurnalistin İrəvana səfəri və Paşinyanla müsahibəsi təsadüfi deyil. Bu, Ermənistanın təşəbbüsü ilə hansısa böyük prosesin tərkib hissəsidir. Həmçinin jurnalistlər Ankaranın icazəsi olmadan İrəvana gələ bilməzdi”.

Melkonyan həmçinin baş verənləri sülh müqaviləsi ilə əlaqələndirib:

“Bu, həmçinin Türkiyə və Azərbaycanın növbəti tələblərinin yerinə yetirilməsi məsələsi ola bilər. Məsələn, Azərbaycanla sülh müqavilənin həll olunmamış məsələləri ilə bağlı razılaşma, Bakı ilə hansısa sənədin imzalanması ola bilər”.

Melkonyan tezliklə yuxarıda qeyd etdiyi və digər məsələlərin həlli yönündə yeni xəbərlərin olacağını proqnozlaşdırır.

Xatırladaq ki, martın 11-də bir qrup türkiyəli jurnalistin Ermənistana səfəri başlayıb. Jurnalistlər üçgünlük səfərlərinin ilk günündə Ermənistan Baş naziri Nikol Paşinyandan müsahibə alıblar. Hələlik müsahibə yayımlanmayıb. Türkiyəli media nümayəndələrinin Ermənistanın digər rəsmi şəxsləri və ekspertlərindən də müsahibə aldıqları bildirilir.