BAKI, 20 yanvar. TELEQRAF

Dünya modasının son 50 ilinə damğasını vuran Valentino Qaravani ilə vida mərasimi yanvarın 21-də Romada keçiriləcək.

Teleqraf xəbər verir ki, 93 yaşlı Qaravaninin ölüm xəbərini dünən “Valentino Garavani və Giancarlo Giammetti” Fondu sosial mediada paylaşıb.

Valentino 1962-ci ildə Florensiyada ilk kolleksiyasını təqdim edib, Ceki Kennedidən Şahzadə Dianaya qədər dünya şöhrətli bir çox məşhurun geyimlərini hazırlayıb.

Cənazə mərasiminin yanvarın 21-də Romadakı Santa Mariya Bazilikasında keçirilməsi planlaşdırılır.

2005-ci ildə “The New Yorker”ə müsahibədə Valentino belə demişdi:

“Bir nöqtədə sona çatırsınız. Mən də o nöqtəyə çatanda, ümid edirəm ki, hər fürsətdə gözəlliyin ardınca qaçan bir insan kimi xatırlanacağam”.

İtalyan dizayner ölümündən sonra məşhurlardan gələn vida mesajları diqqət çəkib.

Sofi Loren:

“Sən incə, insanlıq dolu ruh sahibi idin. Dost idin, sənət və ehtirasın əbədi ilham mənbəyi olaraq qalacaq”.

Qvinet Peltrou:

“O, gözəlliyə, ailəsinə, ilham pərilərinə, dostlarına, itlərinə, bağlarına və yaxşı bir Hollivud hekayəsinə aşiq insan idi. Onu çox sevdim. Axşam yeməyinə gəldikdə mənə daim “ən azı bir az sürmə vur” deməsi çox xoşuma gəlirdi”.

Sindi Krouford:

“Valentino Qaravaninin vəfatını eşidib çox üzüldüm. O, sahəsində həqiqi bir ustaydı, onunla işləmə imkanı tapdığım illər üçün həmişə minnətdar olacağam”.

Corciya Meloni:

“Valentino, ali italyan modasının müzakirəsiz stil və zəriflik ustası və əbədi simvolu idi. Bu gün İtaliya bir əfsanəsini itirdi, amma mirası gələcək nəsillərə ilham verməyə davam edəcək. Hər şey üçün təşəkkürlər”.