BAKI, 4 dekabr. TELEQRAF
Türkiyə Müdafiə Nazirliyi Qara dənizdə ticarət gəmilərinə ard-arda baş verən hücumlarla bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, açıqlamada Türkiyənin Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün tədbirlər gördüyü bildirilib.
“(Ukraynadakı) Müharibədən qaynaqlanan dəniz təhdidlərinə qarşı regional sahiblik prinsipi çərçivəsində tədbir və təşəbbüslər həyata keçiririk. Bu tədbirlərlə təhdidlər və Qara dənizdə təhlükəsizliklə bağlı mürəkkəbliyi minimuma endirsək də, sabit və təhlükəsiz dəniz mühiti üçün daimi sülh zəruridir”, - nazirliyin sözçüsü Zəki Aktürk deyib.
O qeyd edib ki, Türkiyənin ərazi suları və kritik infrastrukturunun təhlükəsizliyi üçün lazım olan tədbirlər görülür.
Zəki Aktürk Türkiyənin Paşalimanı Dəniz Bazasından çıxacağı iddialarına da son nöqtəni qoyub:
“Sözügedən iddia həqiqəti əks etdirmir. Hazırda logistika, texniki və təlim-tədris sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə Paşalimanında (Albaniya) yerləşən Dəniz Qüvvələri Komandanlığı Albaniya tərəfi ilə fəaliyyətlərini davam etdirir”.