BAKI, 30 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Ukrayna ilə ilkin danışıqlar klasterini açmağa hazırdır, lakin Macarıstan bu prosesi bloklamaqda davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bəyan edib.
O izah edib ki, ilk danışıqlar klasterinin açılması üçün ittifaqa üzv 27 ölkənin hamısının razılığı lazımdır. Məmur həmçinin vurğulayıb ki, Aİ-yə üzv olmaq üçün namizəd olan heç bir ölkə ilə skriniq prosesi Ukrayna ilə olduğu qədər sürətli olmayıb.
“Danışıqlar klasterlərinin açılması prosesi ölkənin xidmətlərinə əsaslanır, buna görə də islahatlar həyata keçirildikdə Ukrayna geridə qalmayacaq. Biz həqiqətən bu məsələ üzərində səylə işləyirik, üzv dövlətlərlə, eləcə də Macarıstanla dialoq aparırıq”, - o əlavə edib.
Avropa komissarının sözlərinə görə, rəsmi Budapeşt danışıqları bloklamasının səbəblərindən biri kimi Ukraynada macar azlığı məsələsi ilə bağlı narahatlığını göstərib. Marta Kos bu problemin həlli üçün ən yaxşı yolun Avropaya inteqrasiya prosesi olduğunu söyləyib.
“Macarıstan klaster 1-i açmağımıza nə qədər tez imkan versə, biz onların bütün narahatlıqlarını bir o qədər tez müzakirə edə bilərik. Düşünürəm ki, bu, eyni zamanda cənab Orbana ən yaxşı cavabdır”, - Aİ rəsmisi vurğulayıb.
O həmçinin qeyd edib ki, Ukrayna korrupsiyaya qarşı mübarizə istiqamətində islahatlara xüsusi diqqət ayırmalıdır.
“Əgər sizin güclü və müstəqil antikorrupsiya institutlarınız olmasa, xarici investorlar gəlməyəcəklər, çünki öz investisiyalarını təhlükədə hesab edəcəklər. Belə institutlar olmadan çox pul itirilə bilər”, - Marta Kos qeyd edib.