BAKI, 27 sentyabr. TELEQRAF

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi ən yaxşı halda gələn ilin aprel ayına qədər dondurulub.

Teleqraf xəbər verir ki, bu barədə DW nəşri adı açıqlanmayan yüksək vəzifəli Aİ rəsmisinə istinadən yazıb.

Onun sözlərinə görə, Ukraynanın bütün ilkin şərtləri yerinə yetirməsinə baxmayaraq, Macarıstan danışıqlar prosesinin başlanmasını əngəlləyir.

“Hələlik Macarıstanın vetosunu aradan qaldırmaq üçün yollar mövcud deyil”, - DW-nin müsahibi bildirib.

O vurğulayıb ki, ilk danışıqlar klasterinin açılması üçün Aİ-yə üzv olan bütün ölkələrin istisnasız razılığı tələb olunur.

Məmurun sözlərinə görə, əgər Macarıstanda hökumət Ukrayna meylli hökumətlə əvəz olunarsa, danışıqlar blokdan çıxarıla bilər. Məhz gələn ilin aprelində Macarıstan parlamentinə növbəti seçkilər keçirilməlidir və sosioloji sorğulara inansaq, hazırkı baş nazir Viktor Orbanın partiyasının müxalifətə məğlub olacağı gözlənilir.

“Orban gedəndən sonra Ukrayna ilə danışıqlarda sürətlə irəliləmək üçün hazır olmalıyıq”, - Aİ rəsmisi deyib.