BAKI, 26 iyun. TELEQRAF

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı hər hansı qərar qəbul edilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Brüsseldə keçirilən Aİ-nın sammitinə gələn zaman bildirib.

Orban qeyd edib ki, Macarıstanda keçirilən referendumda vətəndaşların 95%-i Ukraynanın Aİ-ə tez bir zamanda üzv qəbul edilməsinə qarşı çıxıb və o, bu fikrə əsaslanaraq Avropa həmkarları ilə danışıqlarda bu mövqeyi qoruyacaq.

Baş nazir vurğulayıb ki, Macarıstan vətəndaşlarının razılığı olmadan Ukraynanın üzvlüyünü dəstəkləmək mümkün deyil. "Bu gün Ukraynanın Aİ-na üzvlüyü ilə bağlı hüquqi nəticələr doğuracaq heç bir qərar qəbul edilə bilməz", – o deyib.

O əlavə edib ki, Ukraynanın Aİ-yə üzvlüyü məsələsində Macarıstanın mövqeyi nəzərə alınmalıdır, çünki yekun qərar yekdilliklə qəbul edilir. Orban bildirib: "Bəyannamələr vermək olar, çıxışlar etmək olar, amma Aİ-də vahid mövqe olmayacaq, çünki Macarıstan bunu dəstəkləmir".