BAKI, 8 iyun. TELEQRAF
ABŞ hesab edir ki, Rusiya "Hörümçək toru" əməliyyatı çərçivəsində arxa cəbhədə yerləşən bombardmançı təyyarələrinin məhv edilməsinə hələ tam cavab verməyib və yaxın günlərdə genişmiqyaslı hücuma hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi amerikalı rəsmilərə istinadla məlumat yayıb.
Məlumata görə, Moskvanın planlaşdırdığı cavab hücumları çoxşaxəli olacaq və raketlərlə yanaşı pilotsuz uçuş aparatlarından da istifadə oluna bilər.
Amerikalı rəsmilərdən biri qeyd edib ki, Rusiya cavabının asimmetrik xarakter daşıyacağı gözlənilir, yəni, hücumun miqyası və seçilmiş hədəflər Ukraynanın hərbi əməliyyatlarına birbaşa uyğun gəlməyəcək. Digər rəsmi isə bildirib ki, hücum artıq yaxın günlərdə baş verə bilər, lakin dəqiq vaxt hələlik məlum deyil.
Qeyd edək ki, iyunun 7-də Rusiya Kiyevə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib. Rusiya Müdafiə Nazirliyi bu hücumun "Ukraynanın terror aktlarına cavab" olduğunu bildirib. Lakin ABŞ bu hücumu gözlənilən daha böyük hücumun başlanğıcı hesab edir.
Qərb diplomatlarının ehtimallarına görə, Rusiyanın növbəti zərbələri Ukraynada simvolik əhəmiyyətə malik hədəflərə – xüsusilə hökumət binalarına və Ukrayna Təhlükəsizlik Xidmətinə məxsus obyektlərə yönələ bilər.