VARŞAVA, 30 may. TELEQRAF

Polşada keçirilən prezident seçkiləri ölkənin siyasi gələcəyini və Avropa İttifaqı (Aİ) ilə münasibətlərini formalaşdıracaq əhəmiyyətli bir dönüş nöqtəsidir. Mayın 19-da keçirilən ilk turda heç bir namizəd 50 faiz+1 səs çoxluğu əldə edə bilmədiyi üçün iyunun 1-də ikinci tur təşkil olunacaq. Bu turda seçicilər iki tam fərqli siyasi dünyagörüşü arasında seçim edəcəklər: liberal və Avropa yönümlü Rafal Tşaskovski ilə millətçi və mühafizəkar Karol Navroçki. İlk turda Rafal Tşaskovski 31,36 faiz, Karol Navrotski isə 29,54% faiz səs toplayıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə Rafal Tşaskovski, hazırda Varşava şəhərinin meri və Vətəndaş Platforması (PO) partiyasının əsas fiqurlarından biridir. O, Avropa Parlamentinin keçmiş deputatıdır. Tşaskovski hazırki Baş nazir Donald Taskın rəhbərlik etdiyi Vətəndaş Koalisiyası siyasi bloku (KO) tərəfindən dəstəklənir. Belə ki, PO bu siyasi blokun üzvüdür və namizəd kimi siyasi blok da Polşa-Aİ münasibətlərini gücləndirmək mövqeyindən çıxış edir.

Onun seçicilərə əsas vədləri isə məhkəmə müstəqilliyinin bərpası və hüquqi dövlət prinsiplərinə sədaqət prinsipinin təmin edilməsidir. Liberal namizəd Aİ fondlarının blokdan çıxarılmaması üçün Brüssel ilə yaxın əməkdaşlıq və Avropa qanunvericiliyinə uyğun islahatlar aparmağı planlaşdırır. Rəqibindən fərqli olaraq, insan hüquqları, azlıqların müdafiəsi və gender bərabərliyi sahəsində daha liberal yanaşma irəli sürür.

Rafal Tşaskovski xüsusilə ukraynalı qaçqınlar daxil olmaqla, miqrantlara inteqrasiya və dəstək göstərməyə yönəlmiş siyasət vəd edir. O, Aİ-nin miqrasiya mexanizmlərini dəstəkləyir və miqrantlara qarşı nifrət ritorikasının əleyhinə çıxış edir. Tşaskovski Varşava meri kimi şəhərdə müxtəlif miqrantlara sosial yardım proqramları və inteqrasiya layihələrini həyata keçirib.

Karol Navroçki isə tarixçi, Milli Yaddaş İnstitutunun (IPN) rəhbəri və millətçi və mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasının namizədidir. O, Polşanın milli maraqlarını Aİ təsirindən qorumaq və konservativ dəyərləri gücləndirmək niyyətindədir.

O, LGBTQ+ hüquqlarına qarşı sərt mövqe nümayiş etdirir, milli qanunvericiliyin Avropa qanunvericiliyindən daha üstün tutulmasına və Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyası əleyhinə siyasəti aparır.

Navroçki, rəqibindən fərqli olaraq xüsusilə müsəlman ölkələrindən olan qaçqınların qəbuluna qarşı çıxır və miqrasiyanı milli təhlükəsizliyə təhlükə hesab edir. O, Aİ-nin miqrasiya bölüşdürmə planlarını rədd edir, sərhəd təhlükəsizliyinin gücləndirilməsini və qanunsuz keçidlərin qarşısının sərt şəkildə alınmasını dəstəkləyir. Mühafizəkar namizəd Belarus sərhədində tətbiq edilən sərt deportasiya və fiziki maneələr siyasətini davam etdirmək niyyətindədir.

Ölkədə keçirilər son rəy sorğularına əsasən, Rafal Tşaskovski 47.4% səslə cüzi fərqlə öndədir, Navroçki isə 46.3% dəstəyə malikdir. Həlledici faktor isə ilk turda 15% səs toplamış ultramühafizəkar Slavomir Mentzenin seçicilərinin hansı tərəfə yönələcəyidir. Mentzenin öz mövqeyini açıqlamaması vəziyyəti daha da mürəkkəbləşdirir. Beynəlxalq dəstəyə nəzər yetirdikdə isə görərik ki, Varşava meri Aİ liderləri və demokratik təsisatlar tərəfindən müsbət qarşılanır. Amma rəqibi isə Viktor Orban və Donald Trump kimi liderlər tərəfindən təqdir edilir.

Ümumilikdə isə deyə bilərik ki, Rafal Tşaskovskinin qələbəsi ölkənin Avropa ilə harmoniyasını, Karol Navroçkinin qalib gəlməsi isə daha milli, qapalı və mühafizəkar bir dövrün başlanğıcını gətirə bilər.