BAKI, 30 aprel. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhər bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlunun prezidentliyə namizədliyindən danışıb.

Teleqraf xəbər verir ki, o, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının toplantısında bildirib.

“(Əkrəm İmamoğlu) Bir də durub bu acınacaqlı halında prezidentliyə namizəd olmağa çalışır. Ondan əvvəlki (Kamal Kılıçdaroğlu) də döymədiyi qapı qoymamışdı. Ancaq nəticə göz qabağındadır: guya prezident olacaqdı, tarix oldu. İndi qapısını döyən də yoxdur. Baxıb görəcəyik, bu, 2028-ci ilə qədər davam edəcək, ya daha neçə CHP-çinin prezidentlik arzusu puç olacaq.

Bizim xidmətlərimizin zəkatı onların etdiklərinin 10 qatı, 100 qatı, 1000 qatıdır. Əvvəlcə məhəllə səviyyəsində olan təmsilçiniz siyasət müstəvisinə çıxsın, sonra dediklərini diqqətlə dinləyərik”, - prezident deyib.

Türkiyə lideri qeyd edib ki, getdikcə batmaqda olan siyasi rəqibi CHP-dən heç bir şikayəti yoxdur:

“Daim təkzib edilən və yalanlanan CHP lideri (Özgür Özəl) xeyrimizə olardı. Ümidini CHP-yə bağlayan vətəndaşlarımıza üzülürük”.