BAKI, 22 mart. TELEQRAF

Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanmasından sonra bələdiyyəyə qəyyum təyin olunması ilə bağlı müzakirələr gedərkən, Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi gözlənilməz qərar verib.

Teleqraf xəbər verir ki, CHP sədri Özgür Özəl dünən partiyaya qəyyum təyinatının qarşısını almaq üçün növbədənkənar qurultay keçirməklə bağlı qərar qəbul edib.

Qurultayda yenidən partiya sədrliyinə namizəd olacağını deyən Özəl arzu edən partiya üzvlərinin də namizədlik üçün müraciət edə biləcəyini bildirib.

CHP-də keçiriləcək növbədənkənar qurultay ərəfəsində bütün gözlər son qurultayda partiya sədrliyini Özgür Özələ təhvil verən Kamal Kılıçdaroğluna çevrilib.

Jurnalist Fatih Portakaldan məsələ ilə əlaqədar diqqətçəkən açıqlamalar gəlib:

“Özgür Özələ qarşı namizəd olacaqmı? Məsələn, Kamal Kılıçdaroğlu namizəddirmi? Məncə, belə bir xaotik mühitdə Özgür Özəlin qarşısına namizəd kimi çıxmaq “Troya atı” olmaq deməkdir. Bu, demokratiya məsələsi deyil, mən beləsini ancaq kiçik işlərin adamı kimi görürəm”.

CHP-nin keçmiş lideri Kamal Kılıçdaroğlu Özgür Özəli qəbul etdiyi bu qərara görə təbrik edib.

Xatırladaq ki, Ankara Baş Prokurorluğu bundan əvvəl CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilən 38-ci qurultayında “pul qarşılığında səsvermə” iddiası ilə istintaq başladıb.