
BAKI, 12 mart. TELEQRAF
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKİ) direktoru Sergey Narışkin və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Ratkliff Moskva ilə Vaşinqton arasında qarşıdurmanı azaltmaq məqsədilə müntəzəm təmaslar barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Qurum tərəflər arasında telefon danışığının martın 11-də baş tutduğunu açıqlayıb.
“Beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, habelə Moskva ilə Vaşinqton arasında münasibətlərdə qarşıdurmanın azaldılmasına kömək etmək məqsədilə XKİ və MKİ direktorları arasında müntəzəm təmasların davam etdirilməsi barədə razılaşma əldə olunub”, - məlumatda deyilir.
Qeyd edilir ki, söhbət zamanı iki xüsusi xidmət orqanının ümumi maraq doğuran sahələrdə qarşılıqlı fəaliyyəti və böhranlı vəziyyətlərin həlli məsələləri müzakirə edilib.