
BAKI, 3 mart. TELEQRAF
Rusiyanın 2025-ci il üçün planlarına Ukrananın Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini ələ keçirmək və əvvəllər işğal olunmuş ərazilərə nəzarəti saxlamaq daxildir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Hərbi İnkişaf İdarəsinin rəis müavini general-mayor Vadim Skibitski məlumat verib.
General deyib ki, Rusiya rəhbərliyi müharibə ilə bağlı planlarına daim düzəlişlər edir, amma strateji məqsəd eyni olaraq qalır – Ukrayna üzərində tam işğal və nəzarət.
“Ruslar artıq öz sənədlərində qeyd ediblər ki, Ukrayna və ümumilikdə Ukrayna rəhbərliyi neytral və ya Rusiyayönlü olmalıdır”, - Skibitski vurğulayıb.
2025-ci il üçün planlara gəlincə, ukraynalı general vurğulayıb:
“Bu gün Rusiyanın qarşıya qoyduğu əsas məqsəd Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini ələ keçirmək, “xüsusi hərbi əməliyyat” çərçivəsində Kremlin tapşırıqlarını yerinə yetirmək, ələ keçirilən ərazilərə nəzarəti saxlamaqdır”.