BAKI, 31 avqust. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Oljas Bektenovun yenidən Baş nazir təyin edilməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə o, yeni birpalatalı parlamentin - Qurultayının iclasında deyib.
“Mən Oljas Bektenovun namizədliyini təklif edirəm”, - Tokayev vurğulayıb.
Qurultayın deputatları Bektenovun yenidən təyin olunmasına razılıq veriblər. Onun namizədliyini iclasda iştirak edən 145 parlament üzvündən 137-si dəstəkləyib.
Tokayev Bektenovun bu vəzifəyə yenidən təyin edilməsi barədə fərman imzalayıb.
45 yaşlı Bektenov 2024-cü ilin fevral ayından hökumətə rəhbərlik edir. O, əvvəllər Prezident Administrasiyasının rəhbəri və Korrupsiyaya qarşı Mübarizə İdarəsinin sədri vəzifələrində çalışıb. Avqustun 28-də Qazaxıstan Prezidenti hökumətə istefasından sonra yeni kabinet təsdiqlənənə qədər öz vəzifələrini icra etməyi tapşıran fərman imzalayıb.