BAKI, 31 avqust. TELEQRAF

Rusiya lideri Vladimir Putin yay aylarında bir neçə həftə düşündükdən sonra hakimiyyətini və həyatını qorumaq üçün Ukraynada müharibəni genişləndirmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələrə istinadla “The Economist” yazıb.

Putinin keçmiş silahdaşlarından biri hesab edir ki, Rusiya ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfərini Amerikanın zəifliyinin əlaməti kimi qəbul edib. Mənbənin sözlərinə görə, Putin 2021-ci ilin noyabrında, Co Baydenin prezidentliyi dövründə MKİ direktoru olan Bill Börnsün Moskvaya səfərini də eyni şəkildə şərh etmişdi. Börns həmin vaxt Putini Ukraynaya müdaxilə etməkdən çəkindirməyə çalışmışdı.

“Putinin beynində nələrin baş verdiyini heç kim bilmir. Amma müharibənin genişləndirilməsinin səbəbləri daxili xarakter daşıyır. Onun əsas məqsədi həmişə öz hakimiyyətini və həyatını qorumaq olub”, - mənbə qeyd edib.

Kreml üçün əsas problemlərdən biri cəmiyyətin müharibəyə verdiyi səssiz razılaşmanın pozulmasıdır. Rusiyada televiziya təbliğatına inam azalır, gənclər sosial şəbəkələrdə müharibənin dayandırılması ilə bağlı çağırışlar edirlər, Putinin reytinqi də aşağı düşür.

Elita arasında əhval-ruhiyyə daha pessimistdir. Rusiya elitasının nümayəndələrindən birinin sözlərinə görə, əsas problem iqtisadiyyatın durumu və ya hərbi uğurların olmamasından daha çox boşa sərf edilmiş vaxtdır: “Nəticə necə olur-olsun, təxminən beş il davam edən müharibə uğursuz oldu”.

Digər bir elita nümayəndəsi isə “çarın çılpaq olduğu” hissinin getdikcə gücləndiyini deyib. Nəşrin fikrincə, Rusiyanın heç bir iqtisadi-siyasi problemi Vladimir Putinin hakimiyyəti üçün hələlik ölümcül xarakter daşımır. Amma onun rejiminin məntiqi belədir: heç vaxt zəif görünməmək:

“Rusiya sistemi zorakılığa yüksək dözümlülüyü ilə seçilir, amma uğursuzluqları bağışlamır. Çox güman ki, Putin müharibəni hətta minimal məqsədə - bütün Donbasın ələ keçirilməsinə nail olmadan dayandırmağın onu fiziki təhlükə qarşısında qoyacağını düşünür. “Məni asacaqlar”, - insayderin sözlərinə görə, o, müharibənin müəyyən mərhələsində yaxınlarından bəzilərinə belə deyib”.

Müharibəni indiki formada davam etdirmək də həll yolu deyil. Rusiya elitasının nümayəndələrindən biri bunun sadəcə iqtisadi resursları tükətdiyini və siyasi kapitalı azaltdığını vurğulayıb. Bütün bunlar Putinin gözündə eskalasiyanı cəlbedici seçimə çevirə bilər, amma onun konkret olaraq necə hərəkət edəcəyi hələlik məlum deyil.

Rusiyanın Ukraynanın müttəfiqlərinə qarşı hibrid müharibəni və sabotaj fəaliyyətlərini gücləndirəcəyi, həmçinin Avropadan təchizat yollarına zərbələr endirəcəyi ehtimal olunur. Qərbin kəşfiyyat xidmətləri Rusiyanın Ukraynanın hərbi ehtiyacları üçün material istehsal edən Avropadakı zavodlara hücum edə biləcəyindən narahatdır.

Ukraynanın daxilində isə eskalasiya Rusiyanın artıq həyata keçirdiyi tədbirlərin miqyasının genişləndirilməsi deməkdir. Avqustun 30-da Rusiya Müdafiə Nazirliyi Ukraynanın enerji infrastrukturuna kütləvi zərbə hazırladığını açıqlayıb. Həmçinin Rusiya mənbələri iddia edirlər ki, Putin daha 300-400 min nəfəri döyüş meydanına göndərmək niyyətindədir.