BAKI, 20 avqust. TELEQRAF

Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq hökumətin adından parlamentə Cinayət Məcəlləsinə dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib.

Teleqraf xəbər verir ki, layihə bəzi cinayət növlərinə görə ölüm hökmünün ləğvini təklif edir.

Hazırkı Cinayət Məcəlləsində ölüm hökmünün tətbiq oluna biləcəyi 10 cinayət kateqoriyası müəyyən edilib. Hökumət bunlardan altısına - qiyam, 16 yaşına çatmamış şəxsin zorlanması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər və hakimiyyətə qarşı çıxmaq məqsədilə ekstremist fəaliyyətə görə ölüm hökmünün ləğv edilməsini təklif edir.

Ölüm hökmü dörd cinayətə görə qüvvədə qalacaq: dövlətə xəyanət, qətl, terrorizm və narkotik vasitələrin qanunsuz istehsalı.

Cinayət Məcəlləsinin yeni redaksiyasının oktyabrda parlamentin növbəti sessiyasında qəbul ediləcəyi və 2027-ci il martın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, 2025-ci ilin mayında Vyetnam parlamenti hökumətin təklifi ilə artıq səkkiz cinayət növünə görə ölüm hökmünü ləğv edərək onu ömürlük həbs cəzası ilə əvəz etmişdi. Bunlara hakimiyyəti devirməyə yönəlmiş fəaliyyət, casusluq, dövlət obyektlərinin məhv edilməsi, saxta dərmanların istehsalı və satışı, narkotik vasitələrin qanunsuz daşınması, mənimsəmə və rüşvət alma kimi cinayətlər daxil idi.

Vyetnam Dövlət İnformasiya Agentliyinin bildirib ki, ölüm hökmünün tətbiq dairəsinin mərhələli şəkildə azaldılması qanunvericiliyin inkişafında mütərəqqi tendensiyalara uyğunlaşmağa, həmçinin cinayət işləri, ekstradisiya və hüquqi yardım sahəsində beynəlxalq əməkdaşlıqda ölkənin rolunun və nüfuzunun artırılmasına yönəlib.