BAKI, 10 iyun. TELEQRAF
Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) beynəlxalq terror təşkilatları “Katibə əl-Tövhid vəl-Cihad” və İŞİD-in fəal üzvlərini zərərsizləşdirmək üçün xüsusi əməliyyat keçiriblər.
Teleqraf xəbər verir ki, əməliyyata DTK-nın sədri Jumqalbek Şabdanbekov mərkəzdən real vaxt rejimində rəhbərlik edib.
Bildirilib ki, ekstremistlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dini liderlərə qarşı terror aktı planlaşdırıblar.
Oş və Kızıl-Kiye şəhərlərində, eləcə də Qara-Su və Kadamcay rayonlarında antiterror əməliyyatı elan edilib. Əməliyyata Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, prezidentin bölgələr üzrə nümayəndəsi və Oş meri də qatılıb.
Xüsusi əməliyyat nəticəsində 31 şübhəli saxlanılıb.
Axtarışlar zamanı dini ekstremist ədəbiyyat, ekstremist materialları ehtiva edən elektron daşıyıcılar, dörd qeydiyyatsız odlu silah, terror təşkilatlarının simvolları və xarici terrorçu gizli təşkilatların maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş pullar aşkar olunub.
Jumqalbek Şabdanbekov vətəndaşların təhlükəsizliyinin təmin edilməsini, saxlanılanların əlaqələrinin yoxlanılmasını, onların mümkün ortaqlarının və maliyyələşdirmə kanallarının müəyyən edilməsini əmr edib.