BAKI, 11 may. TELEQRAF

Faşizm üzərində qələbə paradı hər il Rusiyanın hərbi gücünü nümayiş etdirmək məqsədi güdürdü, bu il isə Vladimir Putin Moskvada silah və hərbi texnika sayının xeyli az olduğu daha sadə parad keçirməyə üstünlük verməli oldu.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr bildirib ki, əgər Putin Ukraynanın uzaqmənzilli dron hücumlarından həqiqətən ehtiyat edirsə, bu, müharibənin beşinci ilində vəziyyətin Rusiyanın xeyrinə dəyişməyəcəyinə dair növbəti əlamətdir.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) da hesab edir ki, Rusiya ordusu 2025-ci illə müqayisədə 2026-cı ilin yazında daha zəif nəticələr göstərir. Ukrayna aprel ayında itirdiyindən daha çox ərazini Rusiya işğalından azad edib.

Ukrayna dron və raketlər vasitəsilə daha dərinliklərdə yerləşən mühüm hədəfləri - Rusiyanın neft emalı obyektlərini, silah anbarları və digər hərbi obyektləri uğurla vurur.

“Bu, yoldaş Putinin Qırmızı Meydanda Rusiya hərbi qüvvələrini niyə nümayiş etdirmək istəməməsinə izah sayıla bilər”, - WSJ vurğulayıb.

Putin müharibənin sona yaxınlaşdığını bəyan etsə də, nəşrin fikrincə, buna yalnız o halda inanmaq olar ki, Ukrayna şəhərlərinin bombalanmasını dayandırsın və ələ keçirə bilmədiyi bəzi ərazilərin Ukrayna tərəfindən güzəştə gedilməsi tələbindən əl çəksin:

“Məhz böyük itkilər və mümkün məğlubiyyət perspektivi Putini Ukrayna və Avropadakı imperiya ambisiyalarından imtina etməyə məcbur edə bilər. Bu, müharibəni Ukrayna üçün ədalətli şərtlərlə sona çatdırmağın ən yaxşı yoludur”.