Qazaxıstan parlamentinin aşağı palatası bir neçə səs-küylü cinayətdən sonra tibb işçiləri və təcili yardım sürücülərinə qarşı zorakılığa görə 12 ilə qədər həbs cəzası tətbiq edən qanun qəbul edib.

Teleqraf xəbər verir ki, qanunla Cinayət Məcəlləsinə yeni maddə əlavə olunur və səhiyyə işçilərinə qarşı ağırlaşdırıcı hallarda zorakılığın 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə, ağırlaşdırıcı hallar olmadan isə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıldığı bildirilir.

Bundan əlavə, səhiyyə işçilərinin həyatı və sağlamlığı üçün təhlükə yaratmayan zorakılıq 7600 dollaradək cərimə və ya 600 saatadək ictimai işlər və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.

Tibb işçilərinə qarşı zorakılıq təhdidləri də cəzalandırılacaq və bu cür cinayətə görə maksimum 3 ilə qədər həbs cəzası nəzərdə tutulur.