BAKI, 14 noyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Bişkek və Oş şəhərlərinin merlərinə müraciət edərək, elektrik enerjisinə qənaət və ictimai asayişin təmin edilməsi adı altında gecələr keçirilən həddən artıq sərt reydləri kəskin tənqid edib.

Teleqraf xəbər verir ki, onun bəyanatı sosial şəbəkə hesabında dərc olunub.

Dövlət başçısı bildirib ki, onun göstərişləri yalnız həqiqətən ictimai asayişin pozulduğu məkanlara aid olub: gecə klubları, gec saatlara qədər davam edən spirtli içkili kütləvi tədbirlərin keçirildiyi yerlər və restoranlar. Amma prezidentin sözlərinə görə, vəziyyət praktikada tam fərqli şəkildə inkişaf edib.

“Yoxlama aparanlar adi ictimai-iaşə məkanları, o cümlədən KFC kimi qida şəbəkələrini belə bağlayıblar. Kafelərdə sakitcə oturan insanlar çölə çıxarılıb, sahibkarlara qarşı kobud davranılıb, elektrik və su əsassız şəkildə kəsilib”, - Sadır Japarov vurğulayıb.

Qırğızıstan Prezidenti belə hərəkətlərin dərhal dayandırılmasını tələb edib.

S.japarov yerli hakimiyyət orqanlarına xatırladıb ki, enerji qənaəti ilk növbədə hökumət qurumlarından başlamalıdır, çünki onların bir çoxu dövlət ödədiyi üçün binalarını gecə-gündüz işıqlı saxlayırlar.

“Qanun pozuntusu olmayan, sakit fəaliyyət göstərən orta-kiçik obyektlərə getməyin, onların işinə mane olmayın”, - o əlavə edib.