BAKI, 29 oktyabr. TELEQRAF
Rusiya nüvə enerji qurğusu ilə təchiz edilmiş “Poseydon” sualtı gəmisinin sınaqlarını uğurla həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbçilərlə görüşü zamanı məlumat verib.
“Dünən daha bir perspektivli kompleksin - nüvə enerji qurğusuna malik pilotsuz sualtı gəmi “Poseydon”un növbəti sınağını keçirdik”, - o qeyd edib.
Putin nüvə enerjisi ilə işləyən sualtı “Poseydon” gəmisinin sürəti və dərinlikdə üzmək qabiliyyətinə görə unikal olduğunu, onun qarşısını almağın mümkün olmadığını iddia edib:
“Dünyada sürət və dərinlik baxımından bu pilotsuz aparata bənzər başqa heç nə yoxdur və onun tezliklə olması ehtimalı da yoxdur. Və onun qarşısını almaq üçün heç bir yol yoxdur”.
Rusiya lideri əlavə edib ki, “Poseydon” “Sarmat” qitələrarası ballistik raketindən də güclüdür: “Poseydon” üstünlük baxımından “Sarmat”ı xeyli qabaqlayır”.