BAKI, 21 oktyabr. TELEQRAF
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Qırğızıstanda ölüm hökmünün qaytarılmasını “reqressiv addım və beynəlxalq hüququn pozulması” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Ali Komissarlığın saytında məlumat verilib.
Ali komissar bildirib ki, heç bir ədliyyə sistemi mükəmməl deyil və ölüm hökmü yenidən tətbiq olunarsa, bu, sonda dövlətin əli ilə günahsız insanların ölümünə səbəb olacaq.
“Hökumətin ölüm hökmünün ləğvi üçün səbəb kimi göstərdiyi cinayətlər, şübhəsiz ki, dəhşətlidir və ədalətli şəkildə cəzalandırılmalıdır. Amma ölüm hökmünün ağır cinayətlərin qarşısının alınmasında mühüm rol oynadığına dair heç bir sübut yoxdur. Mən Qırğızıstan hökumətini edam cəzasının qaytarılması ilə bağlı təkliflərdən imtina etməyə, bunun əvəzinə öz səylərini qanunun səmərəli müdafiəsinə, ədalətdən düzgün istifadə etməyə və dəymiş zərərin ödənilməsinə yönəltməyə çağırıram”, - Türk vurğulayıb.
Qırğızıstanda ölüm cəzası 1998-ci ildə ləğv edilib. Amma sentyabrın sonunda bir azyaşlı qızın zorlanaraq öldürülməsindən sonra Qırğızıstan Prezidenti Sadır Japarov uşaqlar və qadınların zorlanması və öldürülməsinə görə ölüm cəzasının bərpasını təklif edib.
Hazırda 170-ə yaxın ölkə ölüm hökmünü ləğv edib, yaxud qanunvericilik və ya praktikada onun tətbiqinə moratorium qoyub.