BAKI, 2 oktyabr. TELEQRAF
Türkmənistan fəal şəkildə Avropa İttifaqı və qlobal biznes ictimaiyyəti ilə iqtisadi əlaqələrini dərinləşdirməyə çalışır.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Beynəlxalq İqtisadi İnkişaf Mərkəzi məlumat yayıb.
Bildirilir ki, 30-31 oktyabr 2025-ci il tarixlərində Frankfurt-am-Maynda “Türkmənistan İqtisadiyyat Günləri” adlı forum keçiriləcək. Tədbir uzunmüddətli tərəfdaşlıq əlaqələrinin qurulması və Türkmənistan iqtisadiyyatının karbohidrogen emalı, logistika texnologiyaları, logistika kimi əsas sektorlarının inkişafının təşviqi üçün strateji platforma rolunu oynayacaq.
Türkmənistanın Ticarət və Sənaye Palatası, Alman İqtisadiyyatının Şərq Komitəsi və Türkmənistanın Almaniyadakı Konsulluğu tərəfindən təşkil olunan forum iştirakçılara müasir texnologiyaların tətbiqi, maliyyə bazarının dayanıqlığının artırılması və istehsalın genişləndirilməsi perspektivlərini müzakirə etmək üçün unikal imkan yaradacaq. Ekoloji cəhətdən təmiz texnologiyalara və qlobal davamlı inkişaf gündəliyinə uyğun gələn yüksək keyfiyyətli məhsulların yaradılması imkanlarına xüsusi diqqət yetiriləcək.