BAKI, 1 oktyabr. TELEQRAF

“Qırğızıstanın növbəti parlamenti xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün bərpasını müzakirə edəcək”.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a hazırkı parlamentin deputatı, Kommunist Partiyasının lideri İsxak Masəliyev məlumat verib.

“Bu, Konstitusiyanın dəyişdirilməsini tələb edər. Ancaq prezident belə bir qanun layihəsinin təşəbbüskarı ola bilər”, - deputat qeyd edib.

İ.Masəliyev Konstitusiya qanununa dəyişiklik etməyin başqa bir yolu kimi belə bir məsələ ilə bağlı referendumun keçirilməsini bildirib.

Qırğızıstanda növbədənkənar parlament seçkiləri 2025-ci il noyabrın 30-na təyin edilib.

Prezident Sadır Japarovun ölüm hökmünün bərpası ilə bağlı təklifini onun mətbuat katibi Əsqət Alagözov açıqlayıb. Onun sözlərinə görə, Japarov Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri Murat Ukuşevə uşaqlara, qızlara və qadınlara qarşı cinayətlərə görə ən sərt cəzaları nəzərdə tutan qanunvericiliyə düzəlişlər hazırlamaq tapşırıb. O qeyd edib ki, burada uşaqların və qadınların zorlanmasına, eləcə də öldürülməsinə görə ölüm hökmünün tətbiqi nəzərdə tutulur.