BAKI, 18 sentyabr. TELEQRAF

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev Cəlalabad şəhərinin adının dəyişdirilərək Manas adlandırılmasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, qurum rəhbəri şəhərin adının dəyişdirilməsi təklifini Prezident Sadır Japarova onun verdiyini etiraf edib.

Şəhərin adının dəyişdirilməsinin səbəbinə gəlincə, Taşiyev bildirib:

“Cəlalabad adlı şəhərlər İndoneziya, Əfqanıstan, Pakistan və Hindistanda da mövcuddur, amma Manas yalnız Qırğızıstanda olacaq”.

Komitə rəhbəri paytaxtın Manasa köçürülməsi məsələsinə baxılıb-baxılmayacağı ilə bağlı sualı da cavablandırıb:

“Hələlik nə rəhbərlik, nə də digər siyasətçilər arasında belə fikirlər yoxdur. Amma Manas şəhəri paytaxt olsa, çox gözəl olardı. Bu, xalqın verməli olduğu qərardır. Siyasətçilər, rəhbərlik və ya bir qrup insan belə bir qərar verə bilməz. Referendum lazımdır. Belə bir məsələ gündəmdə deyil. Amma məsələ qaldırılarsa, qərarı xalq verməlidir”.

Qeyd edək ki, Qırğızıstan prezidenti bundan əvvəl Cəlalabad şəhərinin adının dəyişdirilməsi ilə bağlı parlamentinin qərarını təsdiqləmişdi.