BAKI, 25 may. TELEQRAF

Hörmüz boğazının açılması üçün ABŞ və İran arasında müvafiq müqavilənin yekunlaşdırılması bir həftəyə qədər vaxt apara bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Post” ABŞ hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Nəşrə danışan rəsminin sözlərinə görə, Tehran ABŞ Prezidenti Donald Trampın qoyduğu şərtlərə əməl etməsə, Vaşinqton razılaşmadan imtina edə bilər.

ABŞ rəsmisi əlavə edib ki, Tramp müharibə və İranın nüvə proqramı üzrə danışıqların son mərhələyə qədəm qoyduğunu elan etdikdən sonra Tehran daxilindəki fikir ayrılıqları razılaşma prosesini ləngidib: “Razılaşmanın yekun mətninin İranın Ali rəhbəri Müctəba Xameneiyə çatması bir neçə gün çəkə bilər”.

Nəşr Xameneinin naməlum yerdə gizləndiyini və İran rəsmilərinin ona çatmasının çətin olduğunu bildirib.

Amerikalı rəsmi həmçinin vurğulayıb ki, Hörmüz boğazının açılması və İran limanlarının blokadadan çıxarılması təxminən yeddi gün çəkəcək və ABŞ sanksiyaları yalnız Tehran zənginləşdirilmiş uranı təhvil verdikdən sonra ləğv edəcək.