BAKI, 14 yanvar. TELEQRAF

Rusiya və ABŞ-nin nüvə arsenalını məhdudlaşdıran müqavilənin müddəti başa çatdıqdan sonra yeni nüvə silahlanma yarışı başlaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Forbes”ə nüvə silahları üzrə amerikalı ekspert, ABŞ Milli Təhlükəsizlik Şurasının sabiq direktoru Stiven Payfer bildirib.

ABŞ və Rusiya arasında nüvə üzrə danışıqlarda iştirak etmiş Payfer xatırladıb ki, Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Müqaviləsinin (START) müddəti fevralın 5-də başa çatır. Onun fikrincə, müddətin yeni müqavilə imzalanmadan bitməsi dünyanı məhv etmək gücünə malik döyüş başlıqlarının yenidən artırılmasına səbəb ola bilər.

“Yeni müqavilə olmasa, Şimal yarımkürəsində planetin ən böyük termonüvə başlıqları arsenalını yaratmaq uğrunda yeni yarış alovlana bilər”, - ekspert vurğulayıb.

Həmçinin Payfer hesab edir ki, bu yarış çox uzağa getməyə də bilər, tərəflər bir məqamda 1960-cı illərin təhlükəli nüvə böhranını xatırlayacaqlar. Məhz bu real təhlükə 1960-cı illərdə Rusiya və ABŞ-ni ilk nüvə silahlarının məhdudlaşdırılması müqaviləsini imzalamağa vadar etmişdi.

Qüvvədə olan START müqaviləsi 2010-cu ildə imzalanıb. Bu, Rusiya və ABŞ-ni öz arsenalını hər biri 1550 döyüş başlığı səviyyəsində dondurmağa məcbur edən yeganə beynəlxalq sənəddir. Söhbət qitələrarası ballistik raketlər, sualtı gəmilər və bombardmançı təyyarələrdə yerləşdirilən döyüş başlıqlarından gedir. Müqavilə qüvvəyə mindikdən sonra Kreml və Ağ Ev arsenalı ilk nüvə silahlanma yarışının ilkin mərhələsinə uyğun səviyyəyə endirib.