BAKI, 18 aprel. TELEQRAF

Rusiya Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsini öz hakimiyyəti altında saxlaya bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.

Uitkoff təsdiqləyib ki, Rusiyaya səfəri zamanı Prezident Vladimir Putinlə ərazi məsələsi ilə bağlı danışıb. Amerika rəsmisi söhbət zamanı Putinin ancaq bu məsələyə kökləndiyini vurğulayıb.

ABŞ-nin xüsusi nümayəndəsi qeyd edib ki, Rusiyanın özünün hesab etdiyi beş regiondan bəzilərini ala bilər, amma hamısını yox. Uitkoff bura əsasən rusdilli əhalinin yaşadığı bölgələrin daxil olduğunu qeyd edib.

“Rusiya bu beş regionla maraqlanır, yeri gəlmişkən, Ukrayna da maraqlıdır. Amma onların bəziləri əsasən rusdillidirsə, o zaman bəlkə Ukrayna onlarla daha az maraqlana bilərmi?” - Uitkoff söyləyib.

Xatırladaq ki, Rusiya Ukraynanın işğal edilmiş Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini ilhaq edib. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev heç vaxt bu bölgələri Rusiya əraziləri kimi tanımayacaq.