Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 10 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Azərbaycan ordusunun Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqeləri atəşə tutulub.
Bundan başqa, Tərtər, Xocavənd və Füzuli rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.
Müdafiə Nazirliyinin iyunun 26-da yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 12 dəfə pozulduğu bildirilirdi.
Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.