Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov növbəti dəfə 25 il əvvəl 1990-cı ildə baş verən qanlı yanvar hadisələrindən danışıb. 24.az-a müsahibəsində Mütəllibov mübahisələrə yol açan fikirlər işlədib. O deyib ki, 20 yanvar gecəsi həlak olanlar ölkəmizin layiqli vətəndaşları idilər, amma bəzi məsuliyyətsiz insanların çağırışlarına inanaraq, öz canlarını vətən yolunda əsirgəmədilər: 

“Təəssüf edirəm ki, respublikanın özündə müəyyən qüvvələr vardı ki, Moskva ilə mənasız qarşıdurmada insanların həyatı üçün real təhlükəni nəzərə almadılar. Vətəndaşları piketlərdən uzaqlaşdırmadılar. İş onda idi ki, Dağlıq Qarabağda baş verən hadisələrin azərbaycanlılara psixoloji təsiri o qədər böyük idi ki, güclü təbliğat nəticəsində onları istənilən provokasiyaya çəkə bilərdilər. Bunun səbəblərindən biri erməni separatçılarının Dağlıq Qarabağda etdikləri özbaşınalıqlar və həmin dövrdə ölkə rəhbərliyinin öz nüfuzunu itirməsi idi. Hüquq-mühafizə orqanları demək olar ki, kənara çəkilmişdilər, çoxları, bəzi dövlət məmurları kimi, açıq şəkildə ”demokratik" qüvvələrlə əməkdaşlıq edirdilər. Azərbaycanın çoxminli kommunist partiyası da vəziyyəti şəhər və rayonlarda, o cümlədən Bakıda nəzarətdə saxlayan radikal meylli müxalifətin qarşısını ala bilmədilər. 80-ci ilin axırında və 90-cı ilin əvvəllərində baş verən hadisələri Qarabağ faktoru ilə əlaqələndirmək lazımdır. Mərkəzi hökumətin vəzifəli şəxsləri konflikti beşiyində həll etmək əvəzinə susurdular. Azərbaycanda vəziyyətin gərginləşməsində marağı olan qüvvələr bu faktordan istifadə edirdilər və beləliklə, konflikti dəstəklədilər".

Eks-prezident onu da deyib ki, 1990-cı ilin yanvarında Bakıda AXC və Kreml arasında qan töküldü. O, sonda bildirib ki, 20 Yanvar M.Qorbaçovun apardığı dağıdıcı siyasətin nəticəsi idi və burada heç bir Azərbaycan rəhbərinin günahı yoxdur. 

Ayaz Mütəllibovun bu açıqlamalarına AXC-nin fəallarından olmuş Azadlıq Partiyasının sədri Əhməd Oruc sərt münasibət bildirib. Əhməd Oruc qeyd etdi ki, Ayaz Mütəllibov hələ də Kreml xofundan, Kremlə itaətkarlıqdan xilas ola bilməyib. Ona görə də belə açıqlamalar verib: “Öz xalqının üzərinə qoşun çağırmış bu adam hadisədən 25 il sonra da nə danışdığını özü də bilmir. Bir tərəfdən layiqli vətəndaş ifadəsi işlədir, o biri tərəfdən şəhid olanların məsuliyyətsiz insanların çağırışı ilə meydana çıxdıqlarını deyir. Bu adamın fikirləri azadlıq uğrunda şəhid olmuş insanların mübarizəsinə kölgə salmaqdır.

Mütəllibovun dediyindən belə çıxır ki, işğalçı ordunun qarşısına çıxmaq lazım deyilmiş, çıxanlar isə öz iradələri ilə yox, məsuliyyətsiz adamların iradəsi ilə çıxıbmışlar. Azadlıq uğrunda, vətəninin müstəqilliyi uğrunda, imperiya köləliyindən xilas olmaq uğrunda mübarizə aparan insanlara belə münasibət bəsləyən insana adamın yazığı gəlir ki, doğrudan da qul doğulanlar qul kimi də ölür!”

Əhməd Oruc Ayaz Mütəllibovun “1990-cı ilin yanvarında Bakıda AXC və Kreml arasında qan töküldü” fikrinin isə birbaşa Azərbaycan xalqının, azadlıq uğrunda mübarizəyə qalxmış milyonlarla insanın mübarizəsinin üstündən xətt çəkmək olduğunu, ümumxalq mübarizəsini bir təşkilatla Kremlin arasında mübarizə səviyyəsinə endirmək olduğunu vurğuladı.

“Yeni Müsavat”

Xəbər lenti