Bakı Apellyasiya Məhkəməsində İmişli rayon polis şöbəsinin əməkdaşını qətlə yetirən Ravil İbayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

  APA-nın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, R. İbayevin barəsində olan hökm dəyişdirilib və onun cəzası 1 il artırılıb.  

 Qeyd edək ki, 2014-cü il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan, 1988-ci il təvəllüdlü Muxtar Nəcəf oğlu Kazımzadənin yandırılmış meyiti tapılıb. Cinayəti İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Ravil İbayevin törətdiyi müəyyən edilib. 

 Araşdırmalarla o da müəyyən edilib ki, Muxtar Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən Ravil İbayev tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə Muxtar Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb. Ravil İbayev  aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib. Hər iki şəxs  Polis Akademiyasında qiyabi təhsil alıblar.

  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ravil İbayev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ravil İbayev apellyasiya şikayəti verərək, cəzasının yüngülləşməsini istəyib.

 

Xəbər lenti