Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan tərəfindən işğalından 23 il ötür.

Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Düşmən ordunun Füzulu rayonunu işğal etmək məqsədilə ilk hücumu 1993-cü ilin fevral ayında dəf edilmişdi. O vaxt Milli Məclisin sədri İsa Qəmbər və Dövlət müşaviri Arif Hacılı birbaşa cəbhə bölgəsinə gedərək, rayonun müdafiəsini təşkil edə bilmişdilər. Hərbi qiyamdan sonra öz nəzarətində olmayan hərbi birləşmələri ləğv edən yeni hakimiyyət Füzuli və digər rayonları faktiki olaraq müdafiəsiz qoydu və düşmən ordusunun növbəti irimiqyaslı hücumu işğalla nəticələndi.

Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğal edilməyən ərazisində 13 qəsəbə və 20 kənd var.

Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb. Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon sakini əlil olub.

Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.

Xəbər lenti