|
“Məhsulumuz batır, pambıq hələ də sahələrdədir”...
Bir müddət əvvəl məmurların məsuliyyətsizliyi ucbatından tarlalarda məhv olan tonlarla pambıq barədə yazmışdıq. Sahibkarlara pullarının veriləcəyi barədə həftələrlə vəd verilsə də, vəziyyət dəyişməyib. Əksinə, yağışların başlaması pambığın tarlada batmasına səbəb olur.
Qeyd edək ki, fermerlər dəfələrlə aidiyyatı qurumlara, o cümlədən dövlət başçısına məktub yazsalar da, nəticəsi olmayıb. Sahibkarlar dövlət başçısı İlham Əliyevə növbəti dəfə şikayət ünvanlayıblar. Fermerlərdən biri olan Əfras Əsgərov döğvlət başçısına növbəti dəfə həyəcan dolu məktub ünvanlayıb. Sahibkar bununla bağlı musavat.com-a bildirib ki, dövlət başçısı İlham Əliyevin sonuncu müşavirədəki çıxışından sonra ona müraciət etmək qərarına gəlib. “Şübhəsiz ki, pambıqcılıqla bağlı vəziyyət sizə bəllidir. Bildiyimə görə, sizin bu sahədəki problemi yoluna qoymaq ücün xüsusi göstərişiniz olub. Əvvəlcə kənd təsərüfatı nazirimiz dünyada analoqu olmayan bir qərar qəbul etdi.
Bizə təklif etdı ki, pambığı MKT şirkətinə 38 qəpiqdən sataq. MKT şirkətinin əkdirib yetişdirdiyi pambığın iloqramı 47-50 qəpiyə düşür, yəni kredit, ofis və sair xərclər yüklənir. Ancaq nazir özü xərc çəkməyən şirkətə bizim məhsulu daha ucuz satmağımızı təklif edir ki, bu da başadüşülən deyil. Həmçinin, bizimlə müqaviləsi olan ”CTZ- Aqro" MMC şirkətinin maliyələşməsi “Aqrar Kredit” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb. On gün əvvəl bizə dedilər ki, ölkə rəhbərliyinin göstərişinə əsasən problemimiz yoluna qoyulacaq. Xeyli vaxt ötməsinə baxmayaraq, hələ də bizim pambığın tədarükü ücün bir manat belə pul ayrılmayıb. Deyilənə görə, “Aqrar Kredit” bizim şirkətə yüksək faizlə pul vermək istəyir və buna görə də razılaşa bilmirlər.
Pambıq yığımı mövsümü başa catmaq üzrədir. Məhsulumuzun yarıdan coxu hələ də sahələrdə qalmaqdadır. İndiyə kimi təhvil verdiyimiz məhsulun pulundan bir manat almamışıq. Kənd Təsərrüfatı Nazirliyinin və “Aqrar Kredit” təşkilatının pambıqcılıqa göstərdiyi bu münasibət ölkəmizdə bu sahəni bitirmək üzrədir. Bu isə daha 30-40 min adamın iş yerini itirməsi deməkdir. Sizdən xahiş edirik, bizə dəymiş bu böyuk məbləğdə olan ziyanin və bununla bağlı itiriləcək 30-40 min adamın işsiz qalmasının hesabını nazir Heydər Əsədovdan və “Aqrar Kredit”in sədri Məmməd Musayevdən soruşun",- deyə müraciətdə bildirilir.
Qeyd edək ki, ölkədə pambıqçılığın iflas həddinə çatması iri məmurların sıxışdırılması ilə əlaqələndirilir. Belə ki, səbəb Beynəlxalq Bank qalmaqalına qədər gedib çıxır. “CTZ- Aqro” MMC-də əsas təsisçi olan Cahangir Hacıyev bankdan uzaqlaşdırılandan sonra fermerlərin işləri dalana dirənib. Bildirilir ki, əkilən pambığın 80 faizi hələ sahələrdədir. Sahibkarlar Kənd Təsərrüfatı Nazirliyini hadisələrə seyirçi qalmaqda günahlandırırlar. Bildirilir ki, nazirliyin bu günlərdə ortaya atdığı “MKT İstehsalat Kommersiya” MMC-nin məqsədi fermerlərə yardım etmək deyil. Yəni həmin MMC pambığı çox ucuz, 38 qəpikdən alır. Bu isə heç pambığın maya dəyəri deyil./Musavat.com/