|
Gəncə ilə Bakının yolları arasında qalan ailənin vəziyyəti çox ağırdır
Gəncə şəhərindən “Azadlıq”a müraciət edən Nahib Hüseynov üzləşdiyi problemdən bəhs edib. 58 yaşlı Gəncə sakini şəhərin Dədə Qorqud-36 saylı binanın yaxınlığında şəxsi mağazası olduğunu və bütün hadisələrin də oradan başlandığını söyləyir:
“17 avqust 2015-ci ildə mağazama dörd nəfər gələrək özlərini təqdim etmədən mağazanın söküləcəyini bildirdilər. Mən onlardan kim olduqlarını soruşanda onlardan biri icra başçısının müavini Mikayıl Zeynalov olduğunu dedi. Həmin şəxslərə Gəncə şəhəri icra başçısının sərəncamı və mağazanın çıxarışı, texniki sənədini göstərdim. Mikayıl müəllimdən məhkəmənin qərarını tələb edəndə o, gülə-gülə mağazanın söküləcəyini dedi. Onu məhkəməyə verəcəyimi deyəndə isə, Mikayıl müəllim məhkəmənin də onların xeyrinə qərar çıxaracağını dedi. Bununla da məndə məhkəməyə qarşı inamsızlıq yaratdı.
Neçə illərdir ki, ağır şəkər xəstəsiyəm, yüksək təzyiqim var. Ona görə də mağazamı icarəyə verirdim. Mikayıl Zeynalov isə icarəyə götürən şəxsə hədə-qorxu gələrək mallarını oradan götürməsə, onlar qarışıq mağazanı uçuracağını bildirdi. O da qorxub bir günün içində mallarını yığaraq getdi.
Bunun səhəri günü Mikayıl Zeynalovun dəstəsi ağır texnikayla gəlib mağazamın bir hissəsini uçurub işıq sayğacını və naqilləri götürdülər. “102"yə dəfələrlə zəng edib kömək istəsəm də, heç bir nəticə olmadı. Mən ailəmlə birlikdə sökülmənin qarşısını böyük dava-dalaşla aldıq. Ətrafdan keçən vətəndaşlar bu vəziyyətə etirazlarını bildirdilər. Sökənlər isə sakinlərə əhəmiyyət vermirdi. Polislərin gücüylə sakinlər mağazadan uzaqlaşdırıldılar. Həmin günlərdə prezident Ilham Əliyevə, Mehriban Əliyevaya, ombudsman Elmira Süleymanovaya, baş prokuror Zakir Qaralova, Gəncə şəhər prokurorluğuna, ANS-ə, Milli Məclisin deputatı Qənirə Paşayevaya teleqram və məktub göndərdik. Ertəsi günü Gəncə və Kəpəz icra hakimiyyətlərinin vəzifəli şəxsləri, polis rəisləri hədə-qorxu gəlməklə, yaxud da dilə tutmaqla razılığımla mağazamın söküntüsünü həyata keçirmək istəyirdilər.
Ailəmdə iki məktəbli uşağım var. Başqa gəlir yerim olmadığı üçün vəziyyətimiz ağır idi. Buna görə də ailəmlə birlikdə Bakıya gəldik. Əvvəlcə DIN istintaq şöbəsi rəisinin qəbulunda olduq. Şöbə rəisi məsələnin araşdırılacağını söylədi. Daha sonra Prezident Administrasiyası qəbul şöbəsində, Əli müəllimin qəbulunda olduq. O, sənədlərimizə baxıb bizə şəxsi mülkiyyətin toxunulmaz olduğunu dedi. Əli müəllim mağazanın yerində dövlət əhəmiyyətli obyekt tikiləcəyi təqdirdə bizə kompensasiya verilməli olduğunu da bildirdi. Bizə heç bir kompensasiya verilmədiyini və mağazanın yerində də heç nə tikilmədiyini söylədik. Əli müəllim bizə Gəncə kuratorunun daxili nömrəsini verincə, Vəfadar Bağırova zəng etdik. Başımıza gələnləri ona danışdıq, kurator işlərimizin qaydasında olacağını və Gəncəyə dönməyimizi dedi. Geri qayıdanda hər şeyin olduğu kimi qaldığını gördük. Yenə üzərimizə basqılar, hədə-qorxular və təhqirlər gördük. Gəncə şəhər prokuroru Fazil Həsənəliyevin qəbulunda olsaq və orada iki gün qalsaq da heç bir nəticə olmadı. Yenidən Bakıya, Prezident Administrasiyasının qarşısına gəlib başımıza gələn hadisələrə etiraz edəndə bir nəfər bizə yaxınlaşıb vəziyyətimizlə maraqlandı. Ona şəhid ailəsinə məxsus şəxsi mağazamın qanunsuz söküləcəyini dedim. Həmin şəxs Gəncənin icra başçısıyla danışaraq vəziyyətimizin ağırlığını çatdırdı. Sonra da icra başçısının bizimlə danışmaq istədiyini bildirdi. Icra başçısı hər şeyin yaxşı olacağını və onun qəbuluna gəlməyimi söylədi. Bundan 40 dəqiqə sonra artıq sevincək geri qayıdırdıq ki, telefonuma zəng gəldi. Mənə xəbər verdilər ki, icra başçısı öz işçiləri və polislərlə birlikdə mağazamı və içindəki bütün avadanlıqları ağır texnikayla dağıtdı. Həyat yodaşım geri qaydaraq olanları Prezident Administrasiyasının əməkdaşlarına və qəbul şöbəsində Əli müəllimə danışdı. Onlar bu hidsəyə inanmadıqlarını dedilər. Icra başçısına zəng edənin Təhməz müəllim olduğunu deyərək icra başçısının onun sözünü yerə sala bilməyəcəyini bildirdilər. Milli Məclisə müraciətdə isə əməkdaşlar bununla bağlı Gəncənin icra hakimiyyətinə məktubla müraciət etməyimizi söylədilər.
Yenidən Gəncə şəhərinə qayıtdım və icra başçısının qəbuluna düşmək istədim. Lakin mənə imkan yaratmadılar. Başçıyla heç cür görüşə bilmədim. 17.08.2015-ci ildən bugünədək pərişan bir vəziyyətdəyik. Sözün əsl mənasında tezliklə aclıq vəziyyətinə düşə bilərik. Vəzifəli şəxslərin qəzet vasitəsilə səsimizi eşitməsini və problemimizi həll etməsini xahiş edirik".